Bakıda “Kitabi-Dədə Qorqud” dastanına həsr olunmuş dəyirmi masa təşkil edilib

14/10/2019

Oktyabrın 12-də Azərbaycan Dillər Universitetində (ADU) “Kitabi-Dədə Qorqud” dastanına həsr olunmuş sovet-türk kollokviumunun 30 illiyinə və dastanın yeni tapılmış “Salur Qazanın yeddi başlı əjdahanı öldürməsi” adlı boyunun müzakirəsinə həsr olunmuş dəyirmi masa təşkil edilib.

Tədbir Azərbaycan Dillər Universiteti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə reallaşıb.

ADU-nun rektoru, akademik Kamal Abdulla çıxış edərək tədbirin əhəmiyyətindən söz açıb. Bildirib ki, Azərbaycan növbəti dəfə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı kollokviumlara ev sahibliyi edir: “1988-ci ildə ilk dəfə Azərbaycan və Türkiyə alimləri bir araya gələrək “Kitabi-Dədə Qorqud” dastanına həsr olunmuş sovet-türk kollokviumu təşkil ediblər. Həmin ildən başlayaraq hər 10 ildən bir kollokvium təşkil olunur. Bu il keçirilən kollokvium da türk dünyasında mühüm bir hadisəsidir. Kollokvium elmi, pedaqoji, mədəni, ictimai-siyasi hadisə olmaqla yanaşı, həmçinin türk dünyasını birləşdirən, daha cəsarətli və özünə inam hissi aşılayan bir hadisədir”.

Qeyd edib ki, bu ədəbi abidənin geniş təbliği, təşviqi, Dədə Qorqud irsinin daha dərindən öyrənilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər 1997-ci il aprelin 20-də “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi haqqında Fərman imzalayıb. Ümummilli Liderin 2000-ci ildə imzaladığı növbəti Fərman isə “Bakıda Dədə Qorqud heykəlinin ucaldılması və “Dədə Qorqud dünyası” tarixi-etnoqrafik kompleksinin yaradılması” ilə bağlı olub.

Bildirilib ki, “Kitabi-Dədə Qorqud” dastanı Azərbaycan xalqının tarixi keçmişini əks etdirən möhtəşəm sənət abidəsidir. Dastan dilimizin incəliklərini, tarixi hadisələri və şəxsiyyətləri, xalqımızın mədəniyyətini öyrənməkdə əvəzsiz mənbədir. “Kitabi-Dədə Qorqud” həm də dünyada dastan mədəniyyətinin zirvəsidir. Bu dastan türk təfəkkürünün dünyaya bəxş etdiyi unikal ədəbi abidədir.

Sonra professor Tofiq Məlikli, Yunus Əmrə İnstitutunun direktoru Cihan Özdemir, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, türkiyəli professorlar Əhməd Bican Elcilasun, Osman Fikri Sertkaya, Fikrət Türkmən, Saim Sakaoğlu və başqaları çıxış edərək tədbirin əhəmiyyətindən danışıb, təklif və mülahizələrini bildiriblər. Natiqlər xalqlar və ölkələr arasında mədəni əlaqələrin genişlənməsində belə görüşlərin rolunu xüsusi vurğulayıblar.