Nazir Pakdemirli və Həmkarı Kərimov, Bakı Yunus Emre İnstitutunda

Yazıcı-dostu sürüm

Türkiyə Respublikasının Kənd Təsərrüfatı Naziri Bəkir Pakdemirli, rəsmi görüşlər aparmaq üçün gəldiyi Azərbaycanda həmkarı İnam Kərimovla TİKA Bakı Koordinatorluğunu və Bakı Yunus Emre İnstitutunu ziyarət edib.

11 dekabr 2018-ci il tarixində nümayəndə heyəti ilə edilən səfər çərçivəsində Nazir Pakdemirli və həmkarı Kərimova, İnstitutun işgüzar fəaliyyətləri haqqında ətraflı məlumat verilib. İnstitut tərəfindən həyata keçirilən Türk dili tədrisi, Türkologiya layihəsi və mədəniyyət və sənət yönümlü fəaliyyətlər haqqında verilən təqdimatı qiymətləndirən nazir Bəkir Pakdemirli deyib: “Bu gün dost və qardaş ölkə Azərbaycanda, Yunus Emre İnstitutundayıq. İnstitutun uğurlu fəaliyyətləri haqqında ətraflı məlumat aldıq. Biz, Azərbaycanla, " bir millət iki dövlət” olaraq bu cür təşkilatların cəmiyyətimizin inteqrasiyası və yaxınlaşması üçün həyata keçirdikləri xidmətləri yüksək səviyyədə dəyərləndiririk".

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Naziri İnam Kərimov isə Bakı Yunus Emre İnstitutunda olmaqdan duyduğu məmnuniyyəti dilə gətirərək "Türkiyə - Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün verdikləri əvəzsiz töhfələrə görə İnstitutun bütün işçilərinə təşəkkürümü bildirir, gələcək fəaliyyətlərində uğurlar diləyirəm" deyib.