Azərbaycan-Türkiyə müştərək xalq oyunları və ənənələrinə həsr olunan panel keçirilib

Yazıcı-dostu sürüm

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Bakı Yunus Əmrə İnstitutu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı nümayəndəliyi, Qeyri-Maddi Mədəni İrs Dərnəyi, Rəsmi və Qeyri-Rəsmi Təhsildə Qeyri-Maddi Mədəni İrs UNESCO Kürsüsü və AMEA-nın Folklor İnstitutunun birgə təşəbbüsü ilə keçirilən panelə, UNESCO Türkiyə Milli Komissiyasının Başqanı Prof. Öcal Oğuz, UNESCO Azərbaycan Milli Komissiyasının Başqanı Elnur Sultanov, Millətvəkili Sona Əliyeva, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Xalq Yaradıcılığı və Mədəni Marşrutların İnkişafı Şöbəsinin Müdir Muavini Vüqar Məmmədov, akademiklər və çox sayıda dəvətli qatılıb.

Tədbirdə Mədəniyyət Nazirliyinin Xalq Yaradıcılığı və Mədəni Marşrutların İnkişafı Şöbəsinin Müdir Muavini Vüqar Məmmədov, iki qardaş ölkənin bütün sahələrdə olduğu kimi, mədəniyyət, xüsusən də folklor sahəsində birgə əməkdaşlığını yüksək qiymətləndirib və tədbirin işinə uğurlar arzulayıb.

Mövzunun aktuallığını qeyd edən Bakı Yunus Əmrə İnstitutunun müdiri Cihan Özdəmir təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. Bildirib ki, dünyanın 48 ölkəsində fəaliyyət göstərən 58 Yunus Əmrə Mərkəzi türk dilinin tarixini, mədəniyyətini, sənətini tanıtmağa çalışır. Qeyd edib ki, Bakı Yunus Əmrə İnstitutu Azərbaycanla Türkiyə arasında mədəniyyət körpüsü rolunu oynamağa çalışaraq bir çox mədəniyyət, elm mərkəzləri ilə birgə layihələr reallaşdırır: “Bu baxımdan bugünkü müştərək xalq oyunları və ənənələrinə həsr olunan panelin mövzusu bizim milli mədəniyyətimizin ayrılmaz bir parçasına həsr olunub. Mədəniyyət bizim milli kimliyimizin təcəssümüdür”.

AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov Novruz bayramı münasibətilə keçirilən tədbirlə bağlı deyib ki, məqsəd hər iki ölkənin müştərək xalq oyunları və ənənələri mövzusunda elmi müzakirələr aparmaq və bu oyunların gələcək nəsillərə ötürülməsinin əhəmiyyətini vurğulamaqdır. Bildirib ki, xalq mədəniyyətimizin ən vacib qollarından birini də xalq oyunları və meydan tamaşaları təşkil edir. “Bu oyunların, tamaşaların arxaik köklərinə getmək, onun müasir durumunu öyrənmək, bərpa etmək, özümüzə və dünyaya çatdırmaq bizim ən vacib vəzifələrimizdən biridir. Bunun üçün təkcə elmi araşdırmalar aparmaq yox, təşkilatlar arasında münasibətlər qurmaq, təcrübi-praktik işlər görmək və bu işlərin sayəsində milli kimliyimizi dünyada tanıtmaq görüləsi işlərimiz sırasında qeyd olunası məsələlərdən biridir” deyə akademik vurğulayıb.

Milli Məclisin deputatı Sona Əliyeva tədbirin əhəmiyyətini qeyd edərək deyib: “İnsanın milli kimliyini formalaşdıran bir neçə amil var ki, bunlar Vətən, torpaq, mədəniyyət, onun yaşadığı cəmiyyət və sərhədlərini müəyyən edən dövlət. İnsanın milli kimliyi, dəyərləri olmadan yaşaması qeyri-mümkündür. Milli kimlik bizi keçmişimizə, genetikamıza, tarixi yaddaşımıza bağlayan əsas amillərdəndir. Azərbaycan xalqı zaman-zaman məhdudiyyətlərlə üzləşməsinə baxmayaraq milli kimliyini, qürurunu qoruyub, saxlayıb”.

UNESCO Türkiyə Milli Komissiyasının Sədri, Ankara Hacı Bayram Vəli Universitetinin Türk Xalq Bilimi Kafedrasının Müdiri Prof. Öcal Oğuz  “UNESCO-da ənənəvi idman növləri  və oyunlar”, AMEA-nın Folklor İnstitunun Direktoru Akdemik Muxtar İmanov "Xalq oyunlarında ritual-mifoloji kontekst", Dos. Ezgi Metin Basat “Kəndlərdə tətbiq olunan oyunlarda aktyor, tamaşaçı və məkan əlaqəsi”, , AMEA-nın Folklor İnstitunun Müasir Folklor Şöbəsinin Müdiri  Prof. Füzuli Bayat  “Oyunların fəlsəfi-mifoloji kökü, qadağalar və cəzalar”, Ankara Hacı Bayram Vəli Universiteti Türk Xalq Bilimi Kafedrasının Arş. Gör. Zeynep Safiye Baki Nalcıoğlu “Türkiyədə ənənəvi oyunlar və onların tətbiqi”, AMEA-nın Folklor İnstitutu Mərasim Folkloru Şöbəsinin Müdiri Dos. Ağaverdi Xəlil  “Gözbağlıca oyunlarıda inisiasiya və türk eposunun strukturu” başlıqlı məqalələri ilə paneldə çıxış ediblər.

Panel çərçivəsində Qeyri-Maddi Mədəni İrs Dərnəyi, Rəsmi və Qeyri-Rəsmi Təhsildə Qeyri-Maddi Mədəni İrs UNESCO Kürsüsü mütəxəssisləri Tarkan Korkmaz, Bilge Tüzel ve Meryem Özdemirin təqdimatında Türk Dünyası Bakı Atatürk Litseyində ibtidai sinif tələbələrinə yönəlik türk xalq oyunları canlı nümayiş edilib.