Yunus Emre İnstitutundan Türk Dünyasına Açılış

Yazıcı-dostu sürüm

Koronavirus pandemiyası ilə əlaqədar olaraq insanların evə çəkildiyi bir dönəmdə Bakı Yunus Emre İnstitutu Türkiyə ilə əlaqə qurmaq istəyənləri bir araya gətirməyə davam edir. Türk Dünyası istiqamətində onlayn türkcə kursları təşkil edən İnstitut, “Türkiyəni daha yaxından tanımağa nə deyirsiniz?” şuarıyla Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistandan 750 tələbəni həmin kurslara cəlb edib.

“Niyə türkcə öyrənmək istəyirsiniz” sualına, Əlişir Nəvai Adına Daşkənd Dövlət Universitetinin Özbək Dili və Ədəbiyyatı Fakültəsinin təhsil işçisi Sabohat Bozorova iyirmidən çox kitabı Türkiyə türkcəsindən özbək türkçəsinə köçürdüyünü, danışılanları və mətnləri asanlıqla başa düşdüyünü, lakin praktika edə bilmədiyi üçün danışmaqda çətinlik çəkdiyini bildirərək, bu kursların sayəsində bu problemi aradan qaldıracağını qeyd edib.

Qazaxıstan Xoca Əhməd Yasəvi Universitetində fəlsəfə və psixologiya sahəsində fəaliyyət göstərən Gulbazar Kolegen, universitetdə təhsil alan, 28 fərqli türk boyundan gələn tələbələrin ortaq dil olaraq Türkiyə türkcəsində danışdıqlarını ifadə etdi. Onlarla daha möhkəm ünsiyyət qurmaq istədiyini bildirən Kolegen, “Türkiyənin tarixi seriallarını izləyirəm, mahnılarını dinləyirəm. Türkcə şeirlərin mənalarının şox dərin olması mənim ədəbiyyata və incəsənətə olan marağımı daha da artırır” deyib.

Yunus Emre Türk Dünyasına Qucaq Açır    

Türkologiya elmi ilə əlaqədar fərqli sahələrdə 60-a yaxın məqaləsi nəşr olunan Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun Təhsil Bölməsinin Müdirəsi Qətibə Quliyeva Yunus Emre İnstitutunun Türk Dünyasına qucaq açdığını bildirərək, “İnstitutun indiyə qədər keçirmiş olduğu bir çox tədbirdə iştirak etmişəm. Dünyamızı qlobal epidemiyanın, demək olar, iflic etdiyi dönəmdə İnstitutun belə bir layihəni başlatması, kurs iştirakçılarının yaş, mövqe, sahə fərqi olmadan, türkcə öyrənmək istəyən hərkəsin kurslara qəbul edilməsi son dərəcə önəmlidir.

Universitet illərində aldığım türkcə təhsilinin indi yetərli olmadığını, elmi məqalələr yazarkən, tədbirlərdə çıxışlar, təqdimatlar edərkən bəzi mövzularda problemlərlə qarşılaşdığımı anladım. Türkcəmi akademik səviyyədə inkişaf etdirməyi düşünərək Türk dünyasından olan qardaşlarımızla bilik mübadiləsi edəcəyimiz, duyğu və düşüncələrimizi paylaşacağımız bu kursa qatılmağa qərar verdim” deyə bildirib.

Qırğızıstan-Türkiyə Manas Universitetində Mütərcim-Tərcümanlıq Fakültəsi tələbəsi olan Aydanek Zamirbek qızı Türk mədəniyyətini yaxından tanımaq, türkcəsini inkişaf etdirmək və gələcəkdə yaxşı mütərcim-tərcüman olmaq istədiyini vurğulayaraq, kurslar sayəsində Türk dünyasından dostluqlar qurmaq istədiyini söyləyib.

İllərlə Türkiyədə oxumaq xəyalı qurduğunu bildirən türkmənistanlı bakalavr tələbəsi Ogulnur Atabayeva belə deyib:

“Türkiyədə oxumaq illərdir ki hədəfimdir. Bu məqsədlə Türkiyədəki universitetləri və fakültələri araşdırdım. Təhsil imkanları çox yaxşı olduğu üçün orada oxumaq istəyirəm. Artıq Türkiyədə magistratura təhsili almağı xəyal edirəm. Bu hədəfimə çatmaq üçün türkcəmi daha da inkişaf etdirməli olduğumu düşünərək Yunus Emre İnstitutunun başlatdığı kurslara qoşuldum. İndi xəyallarıma bir addım daha yaxınlaşmışam, deyə bilərəm.”

Türkiyənin elm və mədəniyyət dünyasının fürsətlərini təqdim etməklə, qarşılıqlı əlaqələrlə yeni iş birliyi şəbəkəsi qurmaq və əlaqə kanallarını açıq tutaraq ölkələrimiz arasında elm və mədəniyyət şəbəkəsinin qurulmasını hədəfləyən İnstitut, onlayn türkcə kurslarıyla Türk dünyasındakı fəaliyyətlərinə ara vermədən davam edir.

Diğer Etkinlikler

Mədəniyyətdən elmə, sənətdən idmana qədər təşkil etdiyi rəngarəng proqramlar ilə dünyanın hər yaşdan fərdinə xitab edən...