Müsəlman alimlərinin elm və texnologiyanın inkişafına verdikləri töhfələrə dair müzakirələr aparılıb.

Yazıcı-dostu sürüm

Noyabrın 29-da Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), Bakı Yunus Əmrə İnstitutu, Kırıkkale Universiteti və professor Fuat Sezgin İslam Elm Tarixi Araşdırmaları Fondunun birgə təşkilatçılığı ilə “Müsəlman alimlərinin elm və texnologiyanın inkişafına töhfələri” mövzusunda elmi-praktik konfrans keçirilib.

Konfrans türk-müsəlman alimlərinin elm və texnologiyaya verdikləri töhfələri araşdırmaq, həmçinin bu istiqamətdə fəaliyyət göstərən alim və mütəxəssislər arasında tədqiqat işləri, məlumat və təcrübə mübadiləsi üçün platforma yaratmaq məqsədi ilə təşkil olunub.

Konfransa Kırıkkale Universitetinin rektoru, “Fuat Sezgin İli” layihələrinin koordinatoru, professor Ersan Aslan, Əhməd Yasəvi Universiteti İdarə Heyətinin sədri ,professor Musa Yıldız, Professor Fuat Sezgin İslam Elm Tarixi Araşdırmalar Fondunun sədri Mecit Çetinkaya, Kırşehir Ahi Evran Universitetinin rektoru, professor Vatan Karakaya ,Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev, millətvəkilləri, rektorlar və çox sayıda dəvətli iştirak edib.

Tədbiri giriş sözü ilə açan rektor Ceyhun Məmmədov bildirib ki, ölkəmizdə elmin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir. Dövlətin gələcəyi, iqtisadi, siyasi və hərbi qüdrəti onun elmi potensialı ilə bilavasitə bağlıdır.

Rektor çıxışında azərbaycanlı alimlərin – Şeyx Məhəmməd Bakuvi, Seyid Yəhya Bakuvi, Nəsirəddin Tusi, Əcəmi Naxçıvani kimi alimlərin İslam mədəniyyətinin formalaşmasında yaxından iştirak etdiyini qeyd edib.

Bakı Yunus Əmrə İnstitutunun müdiri, dosent Cihan Özdemir tədbirin əhəmiyyətinə toxunaraq vurğulayıb ki, İslam dünyası bu günədək ixtiraları ilə elm dünyasına işıq salmağı bacaran, elm tarixində iz qoyan görkəmli mütəfəkkirlər yetişdirib. Dünyanın bir çox müsəlman ölkəsində fəaliyyət göstərən bu elm adamları bugünkü tərəqqinin bünövrəsini təşkil edirlər.

Konfrans panellərdə məruzələrin dinlənilməsi ilə başa çatıb.