Möhsün Nağısoylu Azərbaycan tərcümə tarixindən danışıb..

Yazıcı-dostu sürüm

Bakı Yunus Emre İnstitutu prof. Möhsün Nağısoylu tərəfindən verilən “Azərbaycan Tərcümə Tarixi” mövzulu elmi konfransa ev sahibliyi edib.

5 mart 2019-cu il tarixində İnstitutun təşkil etdiyi konfransın açılış çıxışını İnstitut müdiri dos. Cihan Özdemir edib. Cihan  Özdəmir qeyd edib ki, bir millətin tərcümə tarixinə nəzər salsaq onun müəyyən dövrlərdə əlaqələr qurduğu xalqlarla münasibətini müəyyən etmək olar. Bu baxımdan tərcümə tarixinə xüsusi diqqət ayırmaq lazımdır. Tərcümə tarixini öyrənərək tərcümələr olunan dövrdə ölkənizin hansı dövlətlərlə, millətlərlə mədəni, iqtisadi, siyasi əlaqələrdə olduğunu müəyyən edə bilərsiniz.

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Möhsün Nağısoylu iştirakçılara Azərbaycan tərcümə tarixi haqqında ətraflı məlumat verib. O bildirib ki, tərcümənin tarixi qədimdir. Tərcümə xalqların bir-birinə münasibətlərindən doğur. Azərbaycanda tərcümə tarixini üzün müddət ruslarla bağlayırdılar. Bu tarixin başlanğıcını Abbasqulu Ağa Bakıxanovun İvan Krılovun “Eşşək və bülbül” təmsilinin tərcüməsindən götürürdülər.  Sonralar mən araşdırmalar apardıqdan sonra müəyyən etdim ki, Azərbaycanda tərcümənin tarixi müqəddəs kitabımız Qurani-Kərimlə bağlıdır. Qeyd etdiyim kimi tərcümə millətlərarası münasibətlərin nəticəsi kimi meydana çıxır. Azərbaycanda da ərəb istilalarından və İslam dini qəbul olunandan sonra Qurani-Kərimin tərcüməsinə ehtiyac duyulmuşdu və təcümələrə başlanmışdı.

Alim bildirib ki, Oğuzların ana kitabı olan “Kitabi-Dədə-Qorqud”da Qurani-Kərimin İxlas surəsinin bədii tərcüməsi var. Nəzərə alsaq ki, 1999-cu ildə “Kitabi-Dədə-Qorqud”un 1300 illiyini qeyd etdik. Burdan belə nəticəyə gəlmək olar ki, Azərbaycanda tərcümə tarixinin 1300 artıq yaşı var.        

M.Nağısoylu məruzəsində müxtəlif əsrlərdə  Azərbaycan tərcümə tarixinin vəziyyətinə ümumi nəzər salıb, tərcümə olunan əsərlər və müəlliflər haqqında iştirakçılara məlumat verib.

Məruzəçi diqqətə  çatdırıb ki, tərcümə həm də söz yaradıcılığıdır, dili zənginləşdirir. O, tərcüməni həm də   milli ədəbiyyatın bir qolu kimi dəyərləndirib. Bildirib ki, biz tarixi tərcümələrə diqqət yetirsək görərik ki, müasir tərcümələrdən tamamilə fərqlənir.

Konfrans prof. Möhsün Nağısoylunun iştirakçıların suallarını cavablandırmasıyla başa çatıb.