“Dünya ədəbiyyatı” dərgisinin yeni – “Türkiyə: hekayə” xüsusi sayı hazırlanıb

Yazıcı-dostu sürüm

Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşri olan “Dünya ədəbiyyatı” dərgisinin yeni – “Türkiyə: hekayə” xüsusi sayı hazırlanıb.

Dərginin yeni sayının məhz qardaş Türkiyənin ədəbiyyatına həsr olunması isə bir başqa yubileylə – parlaq tarixi hadisə ilə əlaqədardır. Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürkün işğalçılara qarşı milli mücadiləni – Qurtuluş Savaşının başlatmaq üçün 1919-cu ilin 19 mayında İstanbuldan Samsuna səfərinin bu günlərdə 100 illiyi tamam olur. Bu mühüm ərəfədə Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi dərginin növbəti sayının türk ədəbiyyatına, konkret olaraq, Türkiyə hekayəçiliyinə həsr olunması təşəbbüsünü irəli sürüb. Mərkəzin bu təşəbbüsünü Bakı Yunus Əmrə İnstitutu da bəyənib və fəal şəkildə dəstəkləyib. İki qurumun sıx əməkdaşlığı və dərgi kollektivinin fəaliyyəti nəticəsində 55 müəllifin hekayə yaradıcılığından seçmələri əks etdirən “Türkiyə: hekayə” sayı ərsəyə gəlib.

Müəlliflər sırasına çağdaş Türkiyə hekayəçiliyinin banilərindən olan Ömər Seyfəddin, Məmduh Şövkət Əsəndal, Rəfiq Xalid Qaray, Səid Faiq Əbasıyanıq və digər klassiklərlə yanaşı, Murad Yalçın, Müqəddər Gəmiçi, Mustafa Çiftçi, Sinə Ərgün kimi yeni nəsilə mənsub istedadlı ədiblər daxildir. Dərginin bu sayında Azərbaycan oxucusuna Halikarnas Balıqçısı, Rıfat İlqaz, Yusif Atılqan, Vüsət O.Bənər, Ədalət Ağaoğlu, Bilgə Qarasu, Leyla Ərbil, Füruzan, Təhsin Yücəl, Onat Qutlar, Fərid Edgü, Tomris Uyar, Sevinc Çokum, Mustafa Qutlu, Səlim İləri, Həsən Özqılınc, Hüseyn Su, Nazan Bəkiroğlu, Həsən Əli Topdaş, Ərcan Kəsal, Ehsan Oktay Anar, Camal Şakar və başqa məşhur imzaların da hekayə yaradıcılığı ilə tanışlıq imkanı yaradılır. Hekayələrin mütləq əksəriyyəti, müəlliflərdən isə bir çoxunun əsəri Azərbaycan dilinə ilk dəfə məhz dərginin bu sayı üçün çevrilib. Nəşrdə Azərbaycan ədəbiyyatşünaslarının Türkiyə hekayəçiliyini təhlil etdikləri 3 nəzəri materiala da yer verilib.

“Dünya ədəbiyyatı”nın “Türkiyə: hekayə” sayına təqdimat yazısında AYB sədri, Xalq yazıçısı Anar əminliklə qeyd edir ki, bu nəşr ədəbiyyatlarımız arasında əlaqələrin daha da möhkəmlənməsinə vəsilə olacaq. 

Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev nəşrdəki “Giriş sözü”ndə “Dünya ədəbiyyatı” dərgisinin Türkiyə hekayəçiliyinə həsr olunmuş xüsusi sayını əlamətdar mədəni hadisə, Azərbaycan-Türkiyə ədəbi əlaqələrinə dəyərli töhfə kimi qiymətləndirir. 

Bakı Yunus Əmrə İnstitutunun müdiri Cahan Özdəmir də öz “Giriş yazısı”nda nəşrin əhəmiyyətini yüksək qiymətləndirir: “Dərginin bu xüsusi sayı vasitəsilə, peşəkar yazarlar və Türkiyə ədəbiyyatını sevənlərdən əlavə, türk hekayəçiliyinə kifayət qədər bələd olmayan sadə Azərbaycan oxucusuna da hekayəçiliyimizin zəngin bir mərhələsi təqdim olunur... "Söz uçar, yazı qalar” atalar sözümüzə uyğun olaraq, XX yüzil Türkiyə hekayəsinə həsr edilmiş bu xüsusi say ilə ədəbiyyatımız uzun müddət oxucuların diqqət mərkəzində qalmaqda davam edəcəkdir”.

Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri şair Səlim Babullaoğlu dərginin yeni sayını ilk növbədə Mərkəzlə Bakı Yunus Əmrə İnstitutunun səmərəli əməkdaşlığının dəyərli məhsulu adlandıraraq, tərəfdaş quruma bunun üçün minnətdarlıq ünvanlayıb: “Çox sevinirik ki, Mərkəzin növbəti uğurlu işi, dərginin yeni sayı məhz qardaş Türkiyəylə, onun zəngin ədəbiyyatı ilə bağlıdır. Bu işdə bizimlə ürəkdən və fəal tərəfdaşlıq edən Bakı Yunus Əmrə İnstitutunun dəstəyi “Dünya ədəbiyyatı” dərgisinin “Türkiyə: hekayə” xüsusi sayının daha əhatəli və sanballı alınmasına əlavə imkanlar yaratdı. Bunun üçün Bakı Yunus Əmrə İnstitutuna, şəxsən hörmətli müdir Cahan Özdəmirə dərin təşəkkürümü bildirirəm”.

“Dünya ədəbiyyatı”nın baş redaktoru Seyfəddin Hüseynli dərginin bu il üçün ilk sayının Türkiyə ədəbiyyatına həsr olunmasından duyduqları məmnunluğu belə ifadə edib.

Hekayələri Azərbaycan dilinə Eyvaz Zeynalov, Əjdər Ol, Azad Yaşar, Şərif Ağayar, Seyfəddin Hüseynli, Gülzar Səfərova, Oktay Hacımusalı, Cəlil Cavanşir, Qan Turalı, Şəfiqə Şəfa, Qismət, İlahə Əkbər, Aygün Ələkbərova, Şəhriyar del Gerani, Cavid Qədir və Ramil Əhməd çeviriblər.

Təqdim olunan nəzəri materiallar isə Filologiya üzrə fəlsəfə doktoru, AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Sədaqət Qasımlının “Türkiyə ədəbiyyatında yeni hekayəçilik”, ədəbiyyatşünas Qismətin “Dünəndən bu günə Türkiyə hekayəsi” və AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı Sima Şəfizadənin “Çağdaş Türkiyə hekayəçiliyinə bir baxış” yazılarıdır.