“Bəyaz Körpü-2” rəsm sərgisi sənətsevərlərə təqdim olunub

Yazıcı-dostu sürüm

Yanvarın 29-da Bakı Yunus Emre İnstitutu və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşəbbüsü ilə UNESCO Dünya Rəsm Akademiyasının ali üzvü, Xalq Rəssamı Prof. Arif Əzizin “Bəyaz Körpü-2” adlı rəsm sərgisi Bakı Yunus Emre İnstitutunda açılıb.

Açılışda Şimali Kipr Türk Cümhuriyyətinin Nümayəndəsi Ufuk Arca Turganer, AMEA Əl Yazmalar İnstitutunun müdiri Akademik Teymur Kərimli, AMEA Folklor İnstitutunun müdiri Akademik Muxtar İmanov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Prof. Ceyran Mahmudova, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev, diplomatik nümayəndəliklərin təmsilciləri, sənətçilər, tələbələr və çoxlu sayıda qonaq iştirak edib.

Açılışdan əvvəl “Xəzər Muğam Üçlüyü” adlı grup Azərbaycan muğam sənətindən ifalarla çıxış ediblər.

Açılışda çıxış edən rəssam Arif Əziz, ilk sərgisini 1995-ci ildə İstanbulda açdığını xatırladaraq, “ O vaxt sərgimi Prezident Rəcəb Tayyib Ərdoğan açmışdı, bugün Bakıda sərgimi Bakı Yunus Emre İnstitutunda açmaqdan böyük məmnunluq hissi keçirdirəm”, deyib. Sərginin adının Bəyaz Körpü olduğunu vurğulayan Əziz, bəyaz rəngin təmizliyin və sağlığın simvolu olduğunu, körpülərin isə insanların bir-birləri ilə rahat münasibət qurmaqları üçün vacib rol oynadığını deyib.

Sərgi açılışından sonra Bakı Yunus Emre İnstitutunun konfrans salonunda rejissor Fariz Əhmədovun çəkdiyi “Arif Əziz” adlı avtobiografik film nümayiş olunub.

24 əsərin sərgiləndiyi “Bəyaz Körpü-2” adlı sərgi, fevralın 7-sinə qədər Bakı Yunus Emre İnstitutunun sərgi salonunda sənətsevərlərin ziyarətinə açıq olacaq.