"Tarixi Prosesdə Osmanlı Miniatürləri" Azərbaycanda

29/03/2018

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Bakı Yunus Emre İnstitutunin birgə təşəbbüsü ilə Azərbaycan Milli İncəsənət Muzeyində “Tarixi Prosesdə Osmanlı Miniatürləri” adlı rəsm sərgisi açılıb. Sərgidə, Osmanlı imperiyasının yaranmasından dağılmasına qədər görkəmli miniatür ustaları tərəfindən çəkilən 41 fərqli miniatür Azərbaycanlı sənətsevərlərə təqdim edilib.

Açılışa Türkiyə Respublikasının Bakıdakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Erkan Özoral, Yaponiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Tsuquo Takahaşi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət Müəssisələri və Xalq Yaradıcılığı Şöbə Müdiri cənab Fikrət Babayev, Azərbaycan Respublikası Milli Məclisinin Deputatı cənab Hikmət Babaoğlu,Azərbaycan Dövlət Pedaqoji Universitetinin Rektoru cənab Cəfər Cəfərov, rəssamlar və çox sayda dəvətli iştirak edib.

Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib: “Miniatür sənəti Şərq xalqlarının ortaq mədəniyyətini özündə tərənnüm edir. Bir-birimizi daha yaxından tanımaq və anlamaq üçün mədəniyyətlərimizi qarşılıqlı surətdə öyrətməli və öyrənməliyik”

Bakıdakı Yunus Əmrə İnstitutunun direktoru  Dos. Dr. Cihan Özdəmir sərginin əhəmiyyətindən söz açıb. Bildirib ki, Osmanlı miniatürlərini sərgiləməkdə məqsədimiz türk rəsm sənətinin tarixi haqqında Azərbaycan xalqını məlumatlandırmaqdır.

Sonda iştirakçılar sərgi ilə tanış olublar.

Sərgi martın 31-dək davam edəcək.