Bakı Yunus Emre İnstitutunda Orxan Vəli Kanık haqqında danışıldı.

Yazıcı-dostu sürüm

Bakı Yunus Emre İnstitutunun aylıq olaraq təşkil etdiyi ədəbiyyat konfranslarının ikincisi “Bar qərib şair: Orxan Vəli” adı altında 18 may 2018-ci il tarixində İnstitutun binasında həyata keçirildi.

Türk ədəbiyyatının önəmli şairlərindən Orxan Vəli Kanıkın mövzu olduğu konfransda şair, esseist, tərcüməçi Qismət Rüstəmov öz təqdimatında Kanıkın həyatı və ədəbi yaradıcılığı haqqında ətraflı məlumat verərək Kanık haqqında danışılan düşüncələrdən bəhs etdi.

Şair, tərcüməçi Səlim Babullaoğlu 2005-ci ildə tərcümə etdiyi Orxan Vəlinin “Bütün şeirləri” adı kitabından bəhs edərkən bu tərcümələrin yenidən tərtib olunaraq Azərbaycan türkcəsində çap olunacağını bildirdi. Çıxışında Orxan Vəlinin şeir və şeir texnikasının XX əsr türk şeirindəki rolundan danışaraq Kanıkın fransız və yapon dilində olan şeirləri türk dilinə tərcümə edən məşhur bir tərcüməçi olduğunu da əlavə edən Babullaoğlu, yazıçının “Cımbızlı şeir” və “Qızılcıq” şeirlərini təhlil etdi.

Konfrans iştirakçıların suallarının cavablandırılması ilə sona çatdı.